Muriqi`dən “fənərlilər”ə şad xəbər
Fenerbahçe`yə bu mövsüm transfer olan və göstərdiyi oyunla ilk turlardan öz sözünü deyən Vedat Muriqi`nin yay transfer dönəmində başqa kluba keçib-keçməyəcəyi Türkiyə futbol gündəmində son dönəmlərin ən çox müzakirə olunan mövzularından idi.
Kosovalı futbolçu ilə maraqlananların arasında Tottenham və Lazio kimi klublar da var idi. Jurnalistlərə müsahibə verən Muriqi öz növbəsində klubdakı gələcəyinə aydınlıq gətirib.
ONBİR onun sözlərini sizə təqdim edir:
“Transfer təklifləri almaq hər bir oyunçu üçün qürurverici hissdir, bu mənə əlavə motivasiya verir.
Lakin düşünürəm ki, bu klubdakı misiyamı hələ tam olaraq yerinə yetirməmişəm. Fenerbahçe`nin uğur əldə etməsini və bu uğurda pay sahibi olmağı istəyirəm.
Çempionatda işlərimiz o qədər də yaxşı getməsə də, kubok uğurunda yarışı hələ tərk etməmişik. Mövsümü titulla başa vurmaqdan ötrü əlimizdən gələni edəcəyik.”