Ərəblərin yeni sevimlisi: “Sağsağanlar” – Məqalə
İngiltərənin köklü klublarından biri olan Newcastle United`in ərəblər tərəfindən alınması hal-hazırda dünya futbolunun əsas gündəmindədir.
Sizlərlə birlikdə Newcastle United haqda qısa da olsa məlumat almağa və ya bildiyimiz məlumatları təkrarlamağa çalışaq.
Newcastle United – Dumanlı Albion futbolunda “Toon (Town) Army” – “Qəsəbə ordusu” adı ilə sevilmiş, İngiltərənin ən şimalında, Şotlandiya sərhəddinə yaxın, Tyne çayının sahilində, ölkənin insan kütləsi ən çox olan 8-ci şəhərində qurulan bir futbol klubu. Onu biz “Sağsağanlar” ləqəbi ilə də yaxından tanıyırıq.
Santiago Munez adlı xəyalı bir futbolçunun bağbanlıqdan Real Madrid`ə çatan karyerasından bəhs edən “GOAL” adlı filmdə də Newcastle United və klubun bazasından bəhs edilir.
![Santiago Munez Actor Kuno Becker Has Written A Script For Goal 4 - SPORTbible](https://www.sportbible.com/cdn-cgi/image/width=720,quality=70,format=jpeg,fit=pad,dpr=1/https%3A%2F%2Fs3-images.sportbible.com%2Fs3%2Fcontent%2F801c1e035eb4499732332f27751677e2.png)
1892-ci ilin 9 dekabr tarixindən fəaliyyət göstərən klubun 4 ölkə çempionluğu var. Ən sonuncusu 1926/27 mövsümünə təsadüf edir. “Sağsağanlar” bununla yanaşı, 6 qat FA Cup qalibidir və 1 dəfə ölkə superkubokunun sahibi olub.
“Ağ-qaralar”ın ev oyunları 52 min azarkeş tutumlu St.James Park stadionunda keçirilir.
Klubun əzəli rəqibi Sunderland`dir. Bu iki komandanın azarkeşləri bir-birindən nifrət etmək dərəcəsindədirlər və iki komanda arasında keçirilən matçlar “Tyne – Wear” (Hər ikisi çay adıdır) derbisi adlandırılır. Qazanılan qələbə saylarında da bərabərlik gözə çarpır. Hər iki komanda 53 dəfə derbidən qalib ayrılıb. Qalan 49 matçda isə qalib müəyyənləşməyib.
![La storia del Tyne-Wear derby tra Sunderland e Newcastle - passionepremier.com](https://www.passionepremier.com/wp-content/uploads/2020/05/GettyImages-140643175-scaled.jpg)
Newcastle United`in əfsanəsi deyildikdə, ağla gələn ilk şəxs Alan Shearer`dır. İngiltərə futbolunun əfsanəsi Southampton və Blackburn Rovers`dəki parlaq karyerasından sonra son olaraq “Sağsağanlar”ın şərəfini qoruyub. Sabiq ingilis forvard bu klubun heyətində 1996-2006-cı illərdə çıxış edib və iştirak etdiyi 405 matçda vurduğu 206 qolla yadda qalıb. Onun qol sayını klub tarixində hələ də keçə bilən bir futbolçu olmayıb.
![Revealed! How Newcastle stitched up Manchester United over Alan Shearer's world-record transfer - Mirror Online](https://i2-prod.mirror.co.uk/incoming/article10586226.ece/ALTERNATES/s1200/shearer-newcastle-signing-1996.jpg)
Klub tarixindəki bəzi rekord göstəricilər ilə yazını yekunlaşdıraq.
Bir mövsümdə ən çox qol – Andy Cole (1993/94 – 41 qol)
Ölkə çempionatının bir mövsümündə ən çox qol – Hughie Gallacher (1926/27 – 36 qol)
Bir matçda ən çox qol – Len Shackleton (vs Newport, 6 qol)
Avrokuboklarda ən çox qol – Alan Shearer (52 matçda 30 qol)
Ən erkən qol – Alan Shearer (10 saniyə, vs Manchester City)