İnsanabənzər robotlar Airbus təyyarələrini yığmağa başlayacaq
Çinin UBTech şirkəti insanabənzər robotların inkişafında növbəti ciddi mərhələyə qədəm qoyur. Elektronika sahəsində uğurlu sınaqlardan sonra humanoid robotlar indi sənayenin ən mürəkkəb istiqamətlərindən birinə — təyyarə istehsalına daxil olur.
UBTech şirkəti Airbus ilə strateji tərəfdaşlıq elan edib. Razılaşma çərçivəsində Avropanın iri aviasiya konserni insanabənzər Walker S2 robotunu əldə edib. Şirkətlər birgə şəkildə bu cür robotların aviasiya istehsalat sahələrində necə istifadə oluna biləcəyini araşdıracaqlar.
Airbus ilə bağlanan müqavilə UBTech-in Texas Instruments ilə əməkdaşlığından sonra baş tutub. Hazırda Walker S2 artıq bu şirkətin istehsal xətlərində test olunur. Bu isə UBTech-in beynəlxalq bazarlarda — aviasiya, yarımkeçiricilər, avtomobil sənayesi və istehlakçı elektronikası sahələrində — sürətli ekspansiyasını açıq şəkildə göstərir.
Walker S2 humanoid robotu 2025-ci ilin iyul ayında təqdim edilib. Onun boyu 1,76 metrdir, robot hərəkətli qollar, çevik əllər və ətraf mühiti daha yaxşı qavramağa imkan verən inkişaf etmiş görmə sistemi ilə təchiz olunub. Bu xüsusiyyətlər ona mürəkkəb sənaye mühitlərində daha dəqiq və təhlükəsiz işləməyə şərait yaradır.
The post İnsanabənzər robotlar Airbus təyyarələrini yığmağa başlayacaq appeared first on InfoCity.