Cəbhəçiyə 30 sutka verildiyi deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Müsahib Abbasovun dünən, noyabrın 19-da Neftçala rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edildiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.
Partiyadan verilən məlumata görə, M.Abbasov Bakıda işləyib, yaşasa da, Neftçala rayonunda qeydiyyatda olub. AXCP-dən qeyd edildiyinə görə, noyabrın 19-da onu Bakıda saxlayaraq Neftçala rayonuna aparıblar: «Neftçala rayon Məhkəməsi AXCP fəalını İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsinin tələblərini pozmaqda təqsirli bilib».
Amma partiyada hesab edirlər ki, M.Abbasovun hər hansı təqsiri yoxdur, onun saxlanması və barəsində inzibati cəza qərarı çıxarılması sifarişin nəticəsidir.
Bu deyilənlərə, hələlik, Neftçala rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim siyasi baxışları və dinc siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmır.