Prezident İsraildə səfirliyin fəaliyyətinin təmini ilə bağlı sərəncam verib
Noyabrın 26-da Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda səfirliyinin fəaliyyətinin təmin olunması ilə bağlı Nazirlər Kabinetinə və Xarici İşlər Nazirliyinə maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərinin həlli, strukturu və ştat cədvəlini təsdiq olunması ilə bağlı göstərişlər verilir.
Azərbaycanın İsraildə səfirlik təsis etməsi ilə bağlı məsələ Milli Məclisin noyabrın 18-də qəbul edilib.
İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelindən başlayıb. 1993-cü ilin avqustunda Azərbaycanda İsrailin səfirliyi açılıb. Buna baxmayaraq, İsraildə Azərbaycanın səfirliyi indiyə qədər olmayıb.
Prezident eyni gündə Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin fəaliyyətinin təmin edilməsi haqqında da sərəncam imzalayıb.
Xatırlatma
Onilliklərdir İsrail və Fələstin arasında zaman-zaman insan itkiləri ilə nəticələnən münaqişələr baş verir.
Azərbaycan rəsmiləri bildirirlər ki, Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla "iki dövlət" prinsipinə əsasən həllini dəstəkləyirlər.
2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı elan edib.
Amma ABŞ-ın keçmiş prezidenti Donald Tramp hakimiyyəti dönəmində Yerusəlimi - Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. ABŞ-dan sonra bəzi ölkələr də oxşar qərar verib.