Lazio Milinkovic-Savic`lə bağlı təklifləri dinləməyə hazırdır
Lazio`nun yarımmüdafiəçisi Sergej Milinkovic-Savic karyerasını İtaliyadan kənarda davam etdirə bilər. ONBİR Goal.com`a istinadən xəbər verir ki, Lazio rəhbərliyi oyunçu ilə bağlı danışıqlar aparmağa hazır olduğunu, lakin pandemiyanın transfer qiymətinə heç bir təsir etməyəcəyini bildirib. Bu barədə ətraflı olaraq klubun idman direktoru Igli Tare danışıb:
“Transfer bazarında çoxlu dəyişikliklər olacaq, çünki bu pandemiya nadir bir hadisədir, hansı ki, dünyada çox şeyi dəyişəcək. Buna görə də biz yaradıcı olmalıyıq və ən əsası gələcəklə bağlı planlarımızı qurmalıyıq.
Fikrimcə, yüksək səviyyəli futbolçuların qiyməti düşməyəcək, halbuki orta və aşağı səviyyəli oyunçuların qiymətlərində enmə meyli müşahidə olunacaq.
Milinkovic-Savic`ə gəldikdə isə, onun Lazio ilə illərə dayanan güclü bağları var. Digər tərəfdən, onun istəkləri və aramızda olan danışıqları nəzərə alaraq gələcəkdə lazım olan anda doğru qərarı verməyə hazırıq. Əgər hamıya uyğun olan bir vəziyyət yaranarsa, bu, nəzərə alınacaq. Əks təqdirdə, Sergej də, biz də onun klubda qalmasına şad olarıq.”
Qeyd edək ki, daha öncə Lazio rəhbərliyi Milinkovic-Savic`in transfer qiymətini ən azı 100 milyon avro olaraq dəyərləndirmişdi. 25 yaşlı oyunçu ilə maraqlanan klublar siyahısını Manchester United, PSG, Inter və Juventus təşkil edir.